13.06.2025

"Evrascon" şirkətinin həlak olan işçisinin ailə üzvünə medal təqdim edildi

16 aprel 2025-ci il tarixində aramsız yağışlar, qar fırtınaları, güclü sel axınları və daşqınlar bütün respublika üzrə ciddi dağıntılara səbəb olmuşdu. Ağsu rayonunun Kəlva kəndi yaxınlığında davamlı güclü yağıntılardan sonra Ağsu çayı məcrasından çıxaraq ətraf əraziləri, o cümlədən tikinti sahəsini və texnikaları su altında qoymuşdu. Həmin anda texnikaların birində iş başında olan "Evrascon" şirkətinin iki əməkdaşı həyatlarını təhlükəyə atdılar.

Sahə rəisi Həyatullayev Pərviz işini peşəsini həyatından üstün tutaraq dəfələrlə onlara yaxınlaşmağa cəhd etdi. Lakin amansız təbiət bu səyləri nəticəsiz qoydu - sel ekskavatoru və onun içində olan Pərvizi özü ilə apardı…

Bu faciəli hadisə nəticəsində bir anda biz yalnız bir bacarıqlı mühəndisi deyil, həm də böyük qəlbli, sarsılmaz iradəli bir insanı itirdik.

Pərviz Qəni oğlu Həyatullayev Azərbaycan Respublikasının fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərov tərəfindən imzalanmış F-62/2025 04 iyun 2025 - ci il tarixli əmrlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Əməkdaşlığa görə medalı ilə təltif olunub. Medal FHN-in Şimal-Qərb Regional Mərkəzinin rəisi, polkovnik Ceyhun Füzuli oğlu Babayev tərəfindən ailəsinə təqdim olunub.